Azərbaycan məhbusları İrana təhvil verib

Həbsxana

Azərbaycan 19 məhbusu İrana təhvil verib.

Bu bərədə Ədliyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, bu, Azərbaycan və İran ədliyyə nazirlikləri arasında hüquqi sahədə həyata keçirilən əməkdaşlıq çərçivəsində bugün, mayın 27-də gerçəkləşib.

Nazirlikdən bildirildiyinə görə, Azərbaycanda cəza çəkən 19 nəfər İran vətəndaşı öz ölkəsinə təhvil verilib.

Qeyd olunub ki, beynəlxalq hüquq əməkdaşlığı çərçivəsində məhkumların verilməsi sahəsində işin dairəsi də genişlənib: "Belə ki, bir sıra dövlətlərlə, o cümlədən Rusiya, Ukrayna, Litva, İran, Pakistan və Çin ilə bu sahədə müqavilələr bağlanılıb. Eləcə də dövlətimiz Avropa və MDB-nin (Müstəqil Dövlətlər Birliyi) müvafiq konvensiyalarının iştirakçısıdır. Həmin sənədlər əcnəbi məhkumların cəzalarının qalan hissəsini çəkmək üçün vətəndaşı olduqları ölkələrə verilməsini təsbit edir".

Verilən məlumata görə, son 5 il ərzində Ədliyyə Nazirliyi 161 xarici məhkumun təhvil verilməsinə, xaricdə cəza çəkən 143 Azərbaycan vətəndaşının isə ölkəyə gətirilməsinə nail olub: "Ədliyyə Nazirliyi beynəlxalq hüquq əməkdaşlığının dərinləşdirilməsi istiqamətində bundan sonra da lazımi tədbirləri davam etdirəcək".

Amma bu açıqlamaya İrana təhvil verilən məhkumların vəkilləri və ya yaxınlarından münasibət almaq mümkün olmayıb.