Mayın 8-də gecə saatlarında İranın paytaxtı Tehranda 5,1 bal gücündə zəlzələ qeydə alınıb, bəzi sakinlər küçələrə axışıblar.
Tehran Universitetinin Geofizika Mərkəzinin məlumatına görə, gecəyarısından keçmiş Tehrandan 70 km şərqdə yerləşən Dəmavənd şəhərində 7 km dərinliyində zəlzələ baş verib.
IRNA dövlət xəbər agentliyi ilkin mərhələdə itki, yaxud ziyan qeydə alınmadığını bildirir.
Bəzi mənbələrdə azı bir nəfərin öldüyü, 7 nəfərin xəsarət aldığı qeyd olunur.
Xəzər dənizi yaxınlığındakı Mazandaran vilayətində də titrəyişlər hiss olunub.
5 min 600 metrdən də yüksəkdə yerləşən Dəmavənd Dağı vulkanı İranda ən hündür nöqtə sayılır.