Özbəkistanda Sırdərya regionunda bu yaxınlarda tikilmiş bənd dağılıb, Sardoba su anbarından su kəndlərə doğru axmağa başlayıb.
Rəsmilər mayın 1-də 11 min 600 kəndlinin köçürüldüyünü deyirlər.
AzadAvropa/AzadlıqRadiosunun əldə etdiyi videoda 29 metr hündürlükdə beton bənddə yaxınlıqdakı kəndlərə axan su seli görünür.
Özbəkistan rəsmilərinin radioya bildirməsinə görə, bəndin zəifləyəcəyindən, onun tamamilə dağılacağından ehtiyatlanırlar.
Prezident Shavkat Mirziyoev mayın 1-də ərazidə olub.
Sardoba su anbarının tikintisi 2010-cu ildə başlanıb, 2017-ci ildə tamamlanıb.
Özbəkistan bənd ərazisində su-elektrik stansiyasının tikintisi üçün Çinlə 23 milyon dollarlıq kontrakt imzalayıb.
Bu layihənin 2022-ci ildə tamamlanması gözlənir.