Gürcüstan qadağaları yüngülləşdirir, amma...

Gürcüstanda bazar

Gürcüstan koronavirusun yayılmasına qarşı qadağaları yüngülləşdirməyə başlayıb. Ancaq böyük şəhərlər arasında səyahət qadağası qüvvədə qalır.

Hökumətin sözçüsü Irakli Chikovani aprelin 27-də Tbilisidə jurnalistlərə deyib ki, şəhər və kəndlərdə ərzaq mağazaları, taksi xidmətləri fəaliyyətini bərpa eləyə bilər. O, onlayn ticarət və çatdırılmaya qadağaların da qaldırıldığını sözlərinə əlavə edib.

Pandemiyanın həddən artıq yayıldığı ərazilərdəki sərt məhdudiyyətlər isə qüvvədə qalır.

Chikovani-nin sözlərinə görə, qadağalar yalnız Səhiyyə Nazirliyinin koronavirusla bağlı təlimat və tövsiyələrinə tam əməl etmiş şirkətlər, obyektlər və təşkilatlar üçün götürülüb.

Böyük şəhərlər – paytaxt Tbilisi, Rustavi, Batumi və Kutaisi arasında səyahət qadağası, eləcə də ölkə boyunca gecə komendant saatı qüvvədədir.

Buna da bax: Ermənistan koronavirus xəstələrinin öhdəsindən gəlməyə bilər

Almaniyada virusun yayılmasında yenidən yüksəliş var

ABŞ-da bəzi ştatlar, həmçinin İtaliyadan Yeni Zelandiyaya qədər bir sıra ölkələrdə ölü sayında azalma müşahidə olunduğundan koronavirus qadağaları yüngülləşdirilir.

Amma virusun yenidən qayıda biləcəyi sarıdan əndişələr var və görünür, boşuna da deyil. Almaniyada karantinin yüngülləşdirilməsindən bir həftə keçir. Robert Koch İnstitutu aprelin 28-də bildirib ki, virusun yayılma səviyyəsi 0,9-dan son günlər 1.0-a yüksəlib. Göstəricinin 1-dən aşağı olması virusun yayılmasının azaldığını, bu səviyyədən qalxması isə onun yüksəldiyini göstərir.

Buna da bax: Yeni Zelandiya virusa ‘qalib gəldiyini’ deyir, Rusiya Çini ötür

Kansler Angela Merkel açıq şəkildə bildirib ki, virusun yayılmasında kiçik dəyişikliklərin belə ciddi fəsadları ola, hökuməti tədbirlər görməyə vadar edə bilər.

ABŞ-da Donald Trump administrasiyası bildirib ki, kifayət qədər COVID-19 testinin olmasını təmin etmək niyyətindədir. Bu, ştatlara hər ay əhalinin azı 2,6 faizini testdən keçirməyə imkan verə bilər.

Dünya üzrə koronavirusa 3 milyondan çox təsdiqlənmiş yoluxma qeydə alınıb, azı 210 min nəfər vəfat edib. Bu hesablamanı Johns Hopkins Universiteti aparır.

“The Financial Times” qəzeti isə 14 ölkədə aşırı ölüm hallarının təhlilinə əsasən bildirir ki, ölü sayı rəsmi rəqəmlərdən 60 faiz çox ola bilər.