Bu ilin ilk 3 ayı ərzində Əfqanıstanda 500-dən artıq dinc sakin öldürülüb, onların 30 faizi uşaqlardır. 760 nəfər yaralanıb. BMT bunu aprelin 27-də yaydığı hesabatda bildirir. Qurum koronovirus pandemiyası dövründə dinc sakinləri daha yaxşı qorumağın vacibliyini vurğulayır.
Öldürülənlərdən 152-si, yaralılardan 265-i uşaqlardır. 60 qadın öldürülüb, 108 qadınsa yaralanıb. BMT-nin Əfqanıstanda Yardım Missiyasının hesabatı yanvarın 1-dən martın 31-dək olan müddəti əhatələyir.
Ölənlərin çoxu ötən ayın payına düşür. Halbuki hökumətlə Talibanın konflikti səngidəcəyinə ümidlər yaranmışdı.
İtkilərin 55 faizi üçün hökumətə qarşı çıxan qüvvələrin – Talibanın, İslam Dövləti qruplaşmasının, digər qrupların məsuliyyət daşıdığı bildirilir.
Amma uşaqlar arasında itkilərə daha çox hökumət qüvvələri və beynəlxalq əsgərlər səbəb olub, hesabatda deyilir.
Bu hesabat açıqlanmazdan bir gün öncə ABŞ-ın xüsusi elçisi Zalmay Khalilzad tvitlərində Talibanı koronovirus böhranı bitənədək “zorakılığı azaltmağa”, “hücum əməliyyatlarının hamısını dayandırmağa” çağırırdı.
Taliban Ramazan ayı ərzində atəşkəslə bağlı hökumətin təklifini rədd edib.