Koronavirusa 57 yeni yoluxma qeydə alınıb

Sizin brauzer HTML5-i dəstəkləmir

Sərt karantin rejimi davam etsinmi? - Bakıda sorğu

Son gündə Azərbaycanda 57 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 68 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə bugün, aprelin 17-də Azərbaycan Nazirlər Kabineti yanında Operativ qərargah məlumat yayıb. Məlumatda yazılıb ki, hazırkı dövrədək Azərbaycanda 1340 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib: "Onlardan 528 nəfəri müalicə olunaraq sağalıb, 15 nəfər vəfat edib, 797 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 26 nəfərin vəziyyəti ağır, 35 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir".

Qərargahdan vurğulanıb ki, ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar Azərbaycanda 86 min 607 test aparılıb.

Xatırlatma

Ötən ilin sonunda Çində yeni koronavirus aşkar edilib. Sonra bu virus sürətlə dünyanın əksər ölkələrinə yayılıb. Son bir neçə ayda dünyada bu virusdan 145 mindən çox şəxsin vəfat etdiyi bildirilir.

Martın 14-dən, əksər ölkələr kimi, Azərbaycanda da kütləvi tədbirlər ləğv edilib (Azərbaycanda bir ay ərzində ). Habelə, martın 3-dən aprelin 20-nə qədər orta və ali məktəblərdə dərslər dayandırılıb. Sonra martın 24-dən aprelin 20-nə kimi ölkədə xüsusi karantin rejimi elan edilib. Bu rejimdə 65 yaşdan yuxarı şəxslərin evdən çıxmasına icazə verilməməsi və başqa hallarla bağlı qadağalar yer alıb. Aprelin 5-dən isə xüsusi karantin rejimi çərçivəsində ölkədə hərəkət məhdudiyyətləri müəyyən olunub. Bu qaydaya görə, dövlət əhəmiyyətli sahələrdə çalışanlardan başqaları yalnız tibbi zərurət yarananda, mağazaya, aptekə gedəndə evdən çıxa bilər. Bundan ötrü isə onlar 8103 nömrəsinə SMS göndərməlidirlər.