Jurnalist “ekstremizm”də ittiham olunur

Daler Sharifov-un məhkəməsindən öncə

Tacikistanda jurnalistin ekstremizm ittihamları ilə məhkəməsi başlanıb. Beynəlxalq media təşkilatları ittihamları “absurd” adlandırır.

Yerli siyasət və dini məsələlərdən yazan jurnalist Daler Sharifov yanvarın 28-də etnik, irqi və dini nifrəti qızışdırmaq ittihamıyla həbs olunub. Təqsirli bilinsə, beş ilədək həbsə məhkum edilə bilər.

Vəkili Abdurahmon Sharifov aprelin 15-də deyib ki, hakim ona prosesinin “ictimaiyyətə açıq olduğunu”, amma məhkəmə zalına məhdud sayda adamın buraxılacağını söyləyib. Səbəb kimi isə koronovirus pandemiyasına görə Dünya Səhiyyə Təşkilatının izdiham yaratmamaqla bağlı xəbərdarlığı göstərilib.

Baş Prokurorluq işin “dini dözümsüzlüyü qızışdıran 200-dən artıq, ekstremist məzmunlu məqalə və şərh”ə əsasən açıldığını bildirir. Məqalələr 2013-2019-cu illərdə sosial mediada yayılıb

Sharifov-un yaxınları, insan haqları təşkilatları, media azadlığı qurumları ittihamları əsassız adlandırır, onun dərhal azadlığa buraxılmasını tələb edir.

Sərhədsiz Reportyorlar (RSF) və Jurnalistləri Müdafiə Komitəsi (CPJ) Sharifov-un həbsinin parlament seçkisi öncəsi tənqidçi jurnalistin susdurmaq niyyəti güddüyünü bildirib. Martda keçirilən seçkini, gözlənildiyi kimi, Prezident Emomali Rahmon-un hakim partiyası udub.