Şimali Koreya dənizə ‘çoxsaylı qanadlı raket atıb’

Şimali Koreya, arxiv fotosu

Cənubi Koreya ordusu bildirir ki, Pxenyan Koreya yarımadası ilə Yaponiya arasındakı dənizə bir neçə qısa mənzilli və qanadlı olduğu bildirilən raket atıb.

Raketlərin aprelin 14-də səhər Şimali Koreyanın şərqindəki Kanqvon vilayətindən atıldığı xəbər verilir.

Cənubi Koreya ordusu hadisələri izləyir, Cənubi Koreya və ABŞ-ın kəşfiyyat məmurları raket buraxılmasının təhlilini aparırlar, bəyanatda vurğulanır.

Son aylar Şimali Koreya bir neçə silah sınağı aparıb. Bu arada Birləşmiş Ştatlarla nüvə danışıqları dayanıb. Pxenyan adətən sınaqları çoxdəfəlik buraxıcı raket sistemləri adlandırır, digərləri isə bunları ballistik raketlər hesab edir.

Şimali Koreya qadağan olunmuş silah proqramlarına görə BMT-nin Təhlükəsizlik Şurasının sanksiyalarına məruz qalıb.