Viskonsində praymeriz keçiriləcək

Joe Biden

Viskonsin Ali Məhkəməsi praymeriz seçkisinin aprelin 7-də keçiriləcəyinə qərar çıxarıb, ştat qubernatorunun seçkini təxirə salmaq səlahiyyətinin olmadığını bildirib.

Qubernator Tony Evers aprelin 6-da ştatda demokratların praymeriz seçkisini koronavirus pandemiyasına görə iki aylığa təxirə salmışdı. Seçki keçmiş vitse president Joe Biden ilə Vermontdan senator Bernie Sanders arasında keçirilməlidir.

Seçicilər həmçinin ştatın Ali Məhkəməsində bir yerlə bağlı səs verməlidirlər.

ABŞ-ın əksər hissəsində olduğu kimi, Viskonsin sakinlərinə də evdə qalmaq göstərişi verilib. İnfeksiya qorxusu seçki işçilərinin sayını azaldıb.

Buna da bax: Bernie Sanders: ‘Mən Putini yaxşı bir dost hesab etmirəm’

Demokrat Evers demişdi ki, durumun pisləşməsi, ştatda COVID-19-dan ölüm hallarının artması bu işi təhlükəsiz həyata keçirməyin mümkün olmadığını ortaya qoyub.

“Mənim əhalinin təhlükəsizliyini təmin etmək öhdəliyim var və bu səbəbdən bu gün bu sərəncamı imzaladım”, – Evers bəyanatında deyib.

Sərəncamda seçkinin iyunun 9-dək təxirə salındığı deyilirdi.

Respublikaçılar isə dərhal ştatın Ali Məhkəməsində iddia qaldırıblar. Onlar deyir ki, seçkinin başlamasına bir neçə saat qalmış belə bir dəyişiklik etmək “genişmiqyaslı seçici çaşqınlığı” yaradar.

Ştatın bəzi rəsmiləri xəbərdarlıq ediblər ki, səsvermə keçirilsə, xaos yarana bilər. Ştat bələdiyyələrinin 60 faizə yaxınının hazırda seçki işçisi çatışmır.

Viskonsin Milli Qvardiyası seçki məntəqələrinin qurulmasına kömək etməlidir.

Biden hazırda nümayəndə sayına görə Sandersdən irəlidədir. Viskonsin praymerizinin nəticəsi bunu dəyişməyəcək, amma bu ştat noyabrda keçiriləcək prezident seçkisində vacib rol oynayır.