BMT rəhbərindən ‘qadınları qoruyun’ çağırışı

Rumıniyada qadınların etiraz yürüşü

BMT-nin Baş katibi Antonio Guterres dünyada hökumətləri qadınların qorunmasını koronavirus pandemiyasına qarşı tədbirlərə daxil etməyə çağırıb.

“Zorakılıq təkcə döyüş meydanlarında baş vermir”, – Guterres bir sıra dillərdə yayımlanan videobəyanatında deyib. O, daha öncə COVID-19 pandemiyası ilə mübarizə məqsədilə münaqişə zonalarında atəşkəsə çağırmışdı.

“Bir çox qadınlara və qızlara bu təhdidin miqyası onların ən təhlükəsiz olmalı olduqları məkanlarda böyükdür. Öz evlərində”, – Guterres vurğulayıb.

Buna da bax: Koronavirus xəbərləri: ABŞ, Britaniya, Rusiya, İran

Məişət zorakılığında artım

“Son həftələrdə sosial təzyiqlər və qorxu gücləndiyi bir dönəmdə məişət zorakılığında qorxunc artım müşahidə edirik. Hökumətlərin hamısını qadınlara qarşı zorakılığın önlənməsi və aradan qaldırılmasını COVID-19-a qarşı milli tədbirlərin əsas hissəsinə çevirməyə səsləyirəm”, – o deyib.

Guterres apteklərdə və ərzaq mağazalarında fövqəladə xəbərdarlıq sistemləri quraşdırmağa, “qadınların onları incidənlərin xəbəri olmadan dəstək alması” yollarını tapmağa çağırır.

“Biz birlikdə müharibə zonalarından adamların evlərinədək hər yerdə zorakılığın qarşısını ala bilərik və bunu etməliyik, bunu COVID-19-la mübarizəylə yanaşı etməliyik”, – deyən baş katib “yer üzündə hər bir ölkədə və evlərdə sülhə çağırıb”.

Cons Hopkins Universitetinin məlumatına görə, hazırda dünyanın 182 ölkəsində 1,25 milyon nəfər koronavirusa yoluxub. 250 mindən çox insan sağalıb, 68 mindən çoxu vəfat edib.