Rəssam Rəşid Şerif vəfat edib

Rəşid Şerif

Bugün, martın 26-da Azərbaycan Dövlət «Yuğ» Teatrının rəssamı Rəşid Şerif (Həsənov) vəfat edib. Bu barədə «Yuğ» Teatrından məlumat verilib.

R.Şerif 1953-cü ildə Bakı şəhərinin Mərdəkan qəsəbəsində doğulub.

1976-cı ildə Əzim Əzimzadə adına Azərbaycan Rəssamlıq Məktəbini bitirib. Elə həmin ildən S.Rəhman adına Şəki Dövlət Dram Teatrının quruluşçu rəssamı vəzifəsində çalışmağa başlayıb. 1989-cu ildən, «Yuğ» Teatrının yarandığı vaxtdan orada baş rəssam işləyirdi.

R.Şerifin xüsusilə də ötən əsrin 90-cı illərində «Azadlıq» qəzetində çoxsaylı karikaturaları dərc edilib. O, AzadlıqRadiosu ilə də əməkdaşlıq edib. Onun bir çox karikaturaları azadlıq.org saytında da yer alıb.

O, bir çox beynəlxalq sərgilərə qatılıb. 1996-2000-cı illərdə «İlin ən yaxşı karikaturaçısı» nominasiyası üzrə «Media açarı» mükafatına layiq görülüb.