Abdullah Taliban məhbuslarının buraxılmasından danışır

Abdullah Abdullah (sağda) və Mike Pompeo, 23 mart, 2020-ci il

Əfqanıstanın keçmiş hökumət rəhbəri Abdullah Abdullah deyir ki, Taliban məhbuslarının buraxılması hər iki tərəf üçün faydalı olar və sülh prosesini irəli aparar.

Ölkənin Milli Təhlükəsizlik Şurası martın 25-də elan edib ki, hökumət rəsmiləri bir neçə günə Talibanın nümayəndə heyəti ilə talibançı məhbusların buraxılmasını müzakirə edəcək.

Abdulla martın 26-da Kabildə mətbuat konfransında deyib ki, ölkədəki siyasi böhranın həllindən ötrü danışıqlara hazırdır və bu böhran heç kəsin “marağında deyil”.

Tərəflərin martın 31-dək 100 məhbusun buraxılmasını götür-qoy edəcəyi gözlənir. ABŞ-ın Əfqanıstan üzrə elçisi Zalmay Khalilzad deyib ki, tərəflər “martın 31-də hər iki tərəfdən məhbusların buraxılmasına razılaşıblar”.

Prezident Ashraf Ghani-nin sözlərinə görə, hökumət ilkin olaraq 1500 məhbusu azad edəcək. Amma Taliban Kabillə danışıqların ilkin şərti kimi 5 min məhbusun buraxılmasını tələb edir.

Khalilzad məhbusların buraxılmasının koronavirusun yayılmasına görə də vacib məsələyə çevrildiyini vurğulayıb.

Sülh prosesi Abdullah və Ghani-nin özlərini sentyabr seçkisindən sonra prezident elan etməsindən dolayı dayanıb.

ABŞ Dövlət Departamenti martın 23-də elan edib ki, Əfqanıstana yardımın 1 milyard dollarını kəsir. Dövlət katibi Mike Pompeo Ghani və Abdullah-ı ədavətə son qoymağa inandıra bilməyib.