Çin Hubeydə qadağaları qaldırır

Hubeydə sakinlər tibbi heyəti yola salır, arxiv fotosu

Ötən ilin sonunda yeni koronavirusun peyda olduğu Çinin mərkəzi Hubey vilayətində iki aylıq karantindən sonra səyahət qadağaları aradan qaldırılır. Rəsmi məlumat martın 24-də yayılıb.

Sağlam sakinlər gecəyarısından sonra vilayəti tərk edə biləcəklər. İlk yoluxma hallarının açıqlandığı Vuhan şəhəri isə aprelin 8-dək karantin şəraitində saxlanacaq.

Yanvarın 23-dən 11 milyon nəfərin yaşadığı Vuhana giriş-çıxış bağlanmışdı. Sonradan məhdudiyyətlər vilayətin böyük hissəsini əhatələdi.

Bir həftədən çoxdur Hubeydə yeni yoluxma aşkarlanmayıb.

Kəskin məhdudiyyətlər koronavirusun yerli səviyyədə yayılmasını cilovladı. Amma indi də ölkəyə kənardan ikinci infeksiya dalğasının gələ biləcəyi sarıdan narahatlıq var.

Martın 24-də Çin COVID-19 xəstəliyinə daha 78 nəfərin yoluxduğunu açıqlayıb. Onların çoxu ölkəyə kənardan gəliblər.