Olimpiya oyunlarının təxirə salınması ‘qəbuledilməzdir’

Arxiv fotosu

Yaponiya planlaşdırıldığı kimi, iyulun sonunda Yay Olimpiya oyunlarına ev sahibliyi edəcək. Bunu ölkənin Olimpiya naziri deyir. Bu arada ölkədə koronovirusun yayılması oyunların təxirə salınacağı fikirlərinə yol açıb.

“Oyunların təxirə salınması, yaxud yubadılması atletlər üçün qəbuledilməzdir”,Seiko Hashimoto martın 5-də parlamentdə deyib.

“Atletlərin özünü rahat hiss edəcəyi, oyunlara fokuslanacağı bir mühit qətiyyətlə yaradılacaq”, – o vurğulayıb.

Beynəlxalq Olimpiya Komitəsinin (BOK) Prezidenti Thomas Bach da Tokio Yay Olimpiya oyunlarının təxirə salınması barədə spekulyasiyanı rədd edib. O, BOK-da bu həftə keçirilən toplantılarda belə bir ssenarinin müzakirə olunmadığını söyləyib.

Bach BOK-un “gələcək hadisələrlə bağlı spekulyasiya etmədiyini”, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyəsinə əməl edəcəyini söyləyib.

Yaponiyada koronavirusa min nəfərdən çox yoluxan var, 12 nəfər xəstəlikdən vəfat edib.