Aclığın dayandırıldığı açıqlanıb

Sizin brauzer HTML5-i dəstəkləmir

Siyasi fəal aclıq aksiyasına başladı

Müsavat Partiyasının üzvləri - deputatlığa namizədlər Elman Quliyev Elşən İsrafilovun Milli Məclisə keçirilmiş seçkilərin nəticələrinə etiraz olaraq başladıqları aclıq aksiyasını martın 3-ü günün ikinci yarısı dayandırdıqları bildirilir.

Bu barədə AzadlıqRadiosuna E.Quliyevin özü məlumat verib.

E.Quliyevin sözlərinə görə, onlar aksiyanı səhhətləri ilə bağlı Müsavat Partiyası Divanının xahişi ilə dayandırıblar.

Aclıq aksiyasının davam etdiyi deyilir

Müsavat Partiyasından deputatlığa namizəd olan Elman QuliyevElşad İsrafilovun aclıq aksiyasını davam etdirdikləri bildirilir.

Bu barədə AzadlıqRadiosuna Müsavat Partiyası mətbuat xidmətinin rəhbəri Mustafa Hacıbəyli danışıb.

«Hər ikisində başgicəllənmə baş verir, səhhətləri yaxşı deyil. E.Quliyevin təzyiqi aşağıdır»,- mətbuat xidmətinin rəhbəri vurğulayıb.

Həkim nəzarətinə gəlincə, M.Hacıbəyli bunları əlavə edib: «Daimi həkim nəzarəti yoxdur. Amma daim aksiya iştirakçılarının yanında gözətçi var və səhhətlərində ağırlaşma yaranan kimi təcili yardımla əlaqə saxlayıb dəvət edirlər».

Hər iki şəxsin aksiyanı Müsavat Partiyasının qərargahında keçirdikləri qeyd olunur.

E.Quliyev 12 saylı Qaradağ-Yasamal-Binəqədi, E.İsrafilov isə 41 saylı Sumqayıt seçki dairəsindən namizəd olublar. Onlar fevralın 9-da keçirilmiş parlament seçkilərinin nəticələrinin tam olaraq ləğv olunmasını tələb edirlər. E.Quliyev aclıq aksiyasına fevralın 27-dən, E.İsrafilov isə fevralın 28-dən başladığını açıqlayıb.

Onların, habelə Müsavat Partiyası mətbuat xidmətinin açıqlamasına, hələlik, Mərkəzi Seçki Komissiyası (MSK), Səhiyyə Nazirliyi və başqa aidiyyəti rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

Xatırlatma

Bu il fevralın 9-da Azərbaycanda növbədənkənar parlament seçkiləri keçirilib. MSK artıq seçkilərin ümumi yekunlarına dair protokolu təsdiqlənməsi üçün Konstitusiya Məhkəməsinə təqdim edib. Həmin nəticələrə görə, yerlərin yarıdan çoxunu yenə hakim Yeni Azərbaycan Partiyasının (YAP) təmsilçiləri qazanıb.

Fevralın 10-da ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) rəhbərlik etdiyi beynəlxalq müşahidə missiyası bu seçkilərlə bağlı ilkin rəyini açıqlamışdı. Rəydə seçkiyə aid bir sıra tənqidi fikirlər yer alırdı.

Seçkidən dərhal sonra da ayrı-ayrı dairələr üzrə MSK-ya şikayətlər daxil olmuşdu. MSK-dan deyilmişdi ki, bütün şikayətlər qanunvericiliyə uyğun araşdırılacaq. Bundan sonra dörd dairədə nəticələr ləğv edilib. MSK təmsilçiləri bəyan edib ki, əksər dairə və məntəqələrin çoxunda seçkilər qanunvericiliyin tələblərinə uyğun keçirilib.

Azərbaycanda parlament seçkiləri, əslində, bu ilin noyabrında keçirilməli idi. Amma 2019-cu il dekabrın 5-də prezident İlham Əliyev Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin 2020-ci il fevralın 9-na təyin edilməsi barədə sərəncam vermişdi. Parlamentin buraxılması təşəbbüsü hakim YAP-a aiddir. Onlar bunu prezident İ.Əliyevin islahatlarına dəstək vermək məqsədilə izah etmişdilər.