Demokratlardan 5 namizəd qaldı

(soldan sağa) Mike Bloomberg, Senator Elizabeth Warren, Senator Bernie Sanders və Joe Biden debatda

Martın 3-də Birləşmiş Ştatlarda Super Çərşənbə Axşamı praymeriz seçkisidir. Artıq seçki yarışında beş prezidentliyə namizəd qalır. Partiya respublikaçı Prezident Donald Trump-ın noyabrda yenidən bu posta seçilməsini önləmək üçün vahid namizəd ətrafında birləşməyə çalışır.

İyulun ortasında Viskonsində Demokratların Qurultayında 1344 nümayəndə 3 noyabr seçkisinə namizəd seçməlidir.

İndiyədək qurultaya 150 nümayəndə seçilib.

Martın 3-də 14 ştatda, ABŞ-ın bir ərazisində, eləcə də xaricdəki demokratlar praymeriz seçkisinə qatılacaq. Bu seçki keçmiş vitse-prezident Joe Biden üçün həlledici sayılır.

İki mötədil namizəd – keçmiş mer Pete Buttigieg və Minnesotadan senator Amy Klobuchar bu günlərdə yarışmadan çəkildi. Onların hər ikisi Bideni dəstəkləyir.

Buna da bax: Buttigieg seçki yarışından çəkilir

Kimlər qaldı

77 yaşlı siyasətçi Biden idarəçiliyə praqmatik yanaşması ilə tanının. O, fevralın 29-da Cənubi Karolinada praymeriz seçkisində böyük qələbə qazanıb.

78 yaşlı demokrat sosialist senator Bernie Sandersin platforması cəmiyyətdə aqressiv liberal dəyişikliklər təklif edir. O, ölkənin siyasi və iqtisadi sistemlərini dəyişməyə çalışır.

Nyu Yorkun keçmiş meri, milyarder Mike Bloomberg seçki yarışına gec qoşulduğundan bu onun üçün ilk praymeriz seçkisidir. O, seçki kampaniyasına böyük yatırım edib və Bidenə problemlər yarada bilər.

Senator Elizabeth Warren indəyədək çox nümayəndə yığa bilməsə də partiyanın qurultayına qədər yarışdan çəkilməyəcəyini deyir.

Nümayəndələr Palatasından Tulsi Gabbard isə rəy sorğularında adətən sonuncu yerdədir, ona dəstək 1-3 faiz arası dəyişir.

Super Çərşənbə Axşamı öncəsi hökumətin səkkiz fərqli qanadı, o cümlədə Ədliyyə Departamenti və Federal Təhqiqat Bürosu (FTB) və beynəlxalq ictimaiyyət seçkiyə xarici müdaxilə ilə bağlı xəbərdarlıq edir.

“Amerikalılar xarici oyunçuların ictimai əhvala, seçicilərin hisslərinə təsir göstərməyə çalışdığını bilməlidir. Yaxşı informasiyalı və ayıq-sayıq respublika dezinformasiyaya qarşı ən yaxşı müdafiədir”, – birgə bəyanatda vurğulanır.