Fevralın 9-da mindən çox qazaxıstanlı Qırğızıstandan Qazaxıstana qayıdıb. İki gün öncə Qazaxıstanın beş kəndində başlanan etniklərarası toqquşmalar nəticəsində xeyli adam qonşu ölkəyə qaçmışdı.
Qırğızıstan rəsmilərinin AzadAvropa/AzadlıqRadiosuna bildirməsinə görə, etnik zorakılıq qazaxlarla Çin mənşəli Dunqanlar arasında başlanıb. 10 nəfərin öldürüldüyü bildirilir. Sərhədçilər Qazaxıstandan 4 min 500-dək girişin olduğunu açıqlayıb.
AzadlıqRadiosu neçə qazaxıstanlının ölkəsinə qayıtdığını dəqiqləşdirə bilməyib.
Fevralın 8-9-da Qırğızıstan xəstəxanalarına 34 qazaxıstanlı qəbul edilib. Onlardan 13-ü hələ də müalicə alır. Daha beş qazaxıstanlının tibbi və psixoloji müşahidə altında saxlandığı, durumlarının sabit olduğu xəbər verilir.
Fevralın 9-da Qazaxıstanda daha 39 nəfərin xəstəxanaya yatırıldığı açıqlanıb. Onlardan üçü güllə yarası almış məmurlardır.
Toqquşmalar fevralın 7-də Qazaxıstanın kommersiya paytaxtı sayılan Almatıdan 130 km qərbdə yerləşən Jambil regionunda başlanıb. Korday vilayətində hakimiyyət fövqəladə vəziyyət elan edib.
Kəndlilərin qruplar halında bir-birinə hücum etdiyi, evlərin yandırıldığı, maşınların aşırıldığı, yüzlərlə adamın qonşu Qırğızıstana qaçdığı bildirilib.