Rusiya 2021-ci ilin sonunadək Hindistana yer-hava tipli S-400 raket sistemləri göndərməyə başlayacaq. Bunu RIA Novosti dövlət xəbər agentliyi fevralın 5-də Rusiya rəsmisinə istinadla yazıb.
Hindistan 5 milyard dollarlıq S-400 kompleksləri ilə bağlı sazişi 2018-ci ildə imzalayıb. Vaşinqton isə xəbərdarlıq edib ki, belə bir kontrakt sanksiyalarla sonuclanar.
“Kontrakt qrafikə uyğun həyata keçirilir. İlk göndəriş 2021-ci ilin sonuna planlaşdırılır”, – Hərbi-Texniki əməkdaşlıq Federal Xidmətinin direktor müavini Vladimir Drozhzhov Hindistanda Müdafiə Sərgisi-2020-də söyləyib.
“Göndərişdən öncə Hindistan mütəxəssislərinə təlim keçiləcək”, – Drozhzhov vurğulayıb.
Agentlik noyabrda Rusiyanın silah ixracatçısı olan Rosoboronexport-un baş direktoru Alexander Mikheev-ə istinadla yazırdı ki, göndərişlər 2021-ci ilin sentyabrında başlanacaq.
Ötən il Birləşmiş Ştatlar NATO müttəfiqi olan Türkiyənin Rusiyadan bu sistemi almasına qəzəblənib, onun NATO avadanlığına uyğun olmadığını deyib.
Rusiya bildirir ki, S-400 sistemi 400 kilometr məsafədə olan hava hədəflərini vurmağa qadirdir. Yeni nəsil S-500 sistemlərinin hazırlanmaqda olduğu, 500 km-lik məsafəni əhatələyə biləcəyi bildirilir.