İranda ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) üçün casusluq ittihamıyla bir nəfər ölümə, iki nəfər həbs cəzasına məhkum edilib. Bunu İran ədliyyəsi fevralın 4-də bildirib.
İran Ali Məhkəməsi Amir Rahimpour-un ölkənin nüvə proqramı haqda Birləşmiş Ştatlara informasiya ötürmək cəhdi və casusluğa görə ölüm cəzasına məhkum edildiyini təsdiqləyib. Ədliyyənin sözçüsü Gholamhossein Esmaili hökmün tezliklə yerinə yetiriləcəyini bildirib
O deyib ki daha iki nəfər MKİ üçün casusluq, İranın dövlət təhlükəsizliyinə qarşı hərəkətlərdə təqsirli bilinərək həbs cəzasına məhkum edilib. Həmin şəxslərin xeyriyyə təşkilatında çalışdığı, 5 və 10 il həbsə məhkum edildiyi bildirilir.
Hökm yekunlaşdırılmadığından fərdlərin adları açıqlanmır.
Bundan əlavə detal açıqlanmayıb.