Suriyada raket zərbələrində azı 10 dinc sakin öldürülüb

Suriya, arxiv fotosu

Suriyanın İdlib vilayətinə Rusiyanın endirdiyi raket zərbələrində azı 10 dinc sakin öldürülüb. Fəalların bu haqda açıqlamasını Moskva dərhal təkzib edib.

İdlib Suriya üsyançılarının sonuncu istehkamı sayılır. Suriya hökuməti Rusiyanın dəstəyilə son həftələr vilayəti almaq üçün hücuma keçib.

Suriyada İnsan Haqlarını Müşahidə Təşkilatı və Suriya Vətəndaş Müdafiəsi təşkilatı yanvarın 30-da bildiriblər ki, ötən gecə Ariha şəhərinə hücumda xəstəxana və çörəkxana vurulub.

Ölənlər və yaralılar arasında qadınlar və uşaqların olduğu bildirilir.

Rusiyanın Müdafiə Nazirliyi məlumatları dərhal təkzib edib, deyib ki, “Rusiya təyyarələri həmin ərazidə hər hansı tapşırıq yerinə yetirmir”.

BMT-nin humanitar məsələlər üzrə rəhbəri Mark Lowcock yanvarın 29-da deyib ki, son iki gündə azı 20 min nəfər evindən didərgin düşüb, son bir həftədə isə 115 min nəfər evini itirib. Beləliklə, dekabrdan zorakılıq nəticəsində yerindən-yurdundan olanların sayı 390 minə çatıb.

Türkiyə Prezidenti Recep Tayyip Erdogan isə yanvarın 29-da bəyan edib ki, İdlibə hücum ölkəsinin səbrini tükəndirib. O, Rusiyanı ərazidə zorakılığın kökünü kəsmək məqsədi daşıyan razılaşmalara “əməl etməməkdə” suçlayıb.

Türkiyə və Rusiya Suriya münaqişəsində əks tərəfləri dəstəkləyirlər. Onlar İdlibdə münaqişənin səngidilməsi, neytral zonanın yaradılması üzrə razılığa gəliblər.