Əfqanıstanın mərkəzindəki Qəzni vilayətində onlarla sərnişinin olduğu təyyarə qəzaya düşüb. Hələlik, xəsarət alanlar barədə bilgi yoxdur.
Vilayət qubernatoru Wahidullah Kalimzai ilkin informasiyaya söykənərək AzadAvropa/AzadlıqRadiosu-na deyib ki, Əfqanıstanın Ariana Airlines şirkətinə məxsus təyyarədə 83 nəfər olub.
Ariana Airlines-ın direktor əvəzi Mirwais Mirzakwal isə Facebook postunda təyyarənin qəzaya düşməsini təkzib edib. O, təyyarənin Kabilin cənub-qərbində, Talibanın nəzarətində olan Deh Yak rayonunda eniş etdiyini bildirib.
“Təyyarə qəzası olub, amma Ariana-ya məxsus deyil, çünki bu gün Ariana-nın idarə etdiyi iki uçuş Heratdan Kabilə və Heratdan Dehliyə təhlükəsiz gerşəkləşib”– Mirzakwal “Reuters” agentliyinə deyib.
Onun sözçüsü Aref Nouri daha öncə demişdi ki, qəza yerli vaxtla 13:10-da naməlum səbəbdən baş verib.
“Əməkdaşlarımız hadisə yerinə getməyə çalışır. Ancaq ərazi uzaqdır və təhlükəsizlik qüvvələrimizin oraya çıxışı yoxdur”, – Nouri söyləyib.