İslamabad ABŞ-a etiraz edir

Pakistanda müsəlmanlar, arxiv fotosu

Pakistan ABŞ Dövlət Departamenti tərəfindən din azadlığını pozan ölkələr siyahısına salınmasını pisləyib.

“Pakistan bu birtərəfli və qanunsuz təsnifatı rədd edir”, – Xarici İşlər Nazirliyi dekabrın 24-də axşam yaydığı bəyanatda bildirib və prosesi “şübhəli” adlandırıb.

“Bu açıqlama təkcə mövcud reallıqlardan uzaq deyil… həm də bütünlükdə işin etibarlılığı və şəffaflığı barədə suallar yaradır”, – bəyanatda vurğulanır.

Dövlət Departamenti dekabrın 18-də Pakistanı İran, Tacikistan, Türkmənistan və daha beş ölkə ilə birlikdə 1998-ci il Beynəlxalq Din Azadlığı Aktı çərçivəsində Xüsusi Narahatlıq Yaradan Ölkələr sırasına daxil edib, onların “din azadlığını sistematik, davamlı və kobud şəkildə pozduqlarını” bildirib.

Əsasən müsəlman ölkəsi sayılan Pakistan azlıqlara qarşı ayrı-seçkilik yaratdığı deyilən qanunlara görə tənqid olunur. Məsələn, küfrə görə ölüm cəzası nəzərdə tutulur.

İslamabad ABŞ-ın siyahısını “ölkələri selektiv şəkildə hədəfə aldığını” bildirib.

Pakistanı həmçinin qonşu Hindistanın siyahıya salınmaması hiddətləndirib. Bu ölkədə müsəlmanlara qarşı diskriminasiya yaratdığı bildirilən yeni vətəndaşlıq qanunu etirazlara səbəb olub.