Sarkisyanın qardaşı oğlu həbs olunub

Narek Sarkisyan Çexiyadan Ermənistana ekstradisiya olunur, 21 dekabr, 2019-cu il

Ermənistanın üçüncü prezidenti Serj Sarkisyanın qardaşı oğlu Narek Sarkisyan barəsində həbs qətimkan tədbiri seçilib. Bu haqda qərar Yerevanda ümumi yurisdiksiya məhkəməsində çıxarılıb.

Sarkisyan dekabrın 23-də axşam saxlanıb. Bu haqda AzadlıqRadiosunun erməni xidmətinə Ermənistan Baş Prokurorluğunun mətbuat katibi Arevik Xaçatryan məlumat verib.

Narek Sarkisyan dekabrın 21-də polis əməkdaşlarının müşayiəti ilə Çexiyadan Ermənistana aparılıb.

Çexiya axtarışda olan Narek Sarkisyanın ekstradisiyasına dair Ermənistanın xahişini təmin etmişdi.

Buna da bax: Keçmiş prezident Sarkisiana cinayət işi açıldı

Narkotik maddələrin qanunsuz dövriyyəsi, qanunsuz silah saxlamaq...

Narek Sarkisyan Ermənistanda narkotik maddələrin qanunsuz dövriyyəsində və qanunsuz silah saxlamaqda ittiham olunur.

Onun barəsində ötən ilin iyulundan axtarış elan olunub və 2018-ci ilin dekabrında Praqada yaşayış evlərindən birində İnterpol və Çexiya polis əməkdaşları tərəfindən saxlanıb.

Rəsmi məlumata görə, 37 yaşlı Narek Sarkisyan Qvatemala vətəndaşının adına saxta pasportla saxlanıb.

Bu ilin iyununda Çexiya məhkəməsi Ermənistan hüquq-mühafizə əməkdaşlarının Narek Sarkisyanın təhvil verilməsi ilə bağlı iddiasını təmin edib.

Narek Serj Sarkisyanın kiçik qardaşı Levon Sarkisyanın oğludur. O, vergidən yayınmaqda və qanunsuz yollarla varlanmaqda ittiham olunur və hazırda axtarışdadır. Levonun qızı Ani də atası kimi vergi cinayətlərində ittiham olunur.

Keçmiş prezidentin digər qardaşı Aleksandr Sarkisyanın ailə üzvlərinin adları isə adam öldürməyə cəhd və dələduzluqla bağlı cinayət işlərində keçir.

Serj Sarkisyan ötən ilin aprelində baş nazir postuna keçsə də, vəzifədə cəmi bir həftə qala bildi, küçə etirazları nəticəsində istefa verməli oldu. Müxalifətçi deputat, etirazların lideri Nikol Pashinyan mayın 8-də parlament tərəfindən baş nazir seçildi.