Dünən, dekabrın 18-də Ali Məhkəmə realliq.info saytının redaktoru İkram Rəhimovun kassasiya şikayətini təmin etməyib.
Onun qohumları bildiriblər ki, İ.Rəhimov Ali Məhkəmədən cinayət işinin bəraətverici əsaslarla dayandırılmasını istəyib.
Qohumlarının vurğulamasına görə, İ.Rəhimov bu qərarla razı deyil və öz hüquqlarının bərpasından ötrü qanuni tədbirləri davam etdirmək niyyətindədir.
İ.Rəhimovu ötən ilin oktyabrın 26-da Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları həbs edib. Ona qarşı Cinayət Məcəlləsinin (CM) 182.2.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrarən hədə-qorxu ilə tələbetmə) maddəsi ilə cinayət işi açılıb. İyunun 12-də Bakı Ağır Cinayətlər Məhkəməsində verilən hökmlə İ.Rəhimov 5 il 6 ay azadlıqdan məhrum edilib. Sentyabrın 18-də Apellyasiya Məhkəməsi İ.Rəhimovun hədə yolu ilə pul almaqda günahlandırılmasını təsdiqləyib, lakin CM-in 62-ci maddəsini (qanunla nəzərdə tutulduğundan az müddətli cəza) tətbiq edərək həbs cəzasını 3 ilədək azaldıb.
İ.Rəhimov özünü təqsirli bilmir. O, tutulmazdan əvvəl prezidentin köməkçisi Əli Həsənovu ( hazırda həmin vəzifəni daşımır-red.) tənqid etdiyinə görə izlənildiyini bildirmişdi. Onda bu açıqlamaya Ə.Həsənovdan hər hansı münasibət almaq mümkün olmamışdı. Ancaq İ.Rəhimovun tənqid etdiyi qurumlardan biri-Mətbuat Şurasından onun açıqlamalarını əsassız sayıblar. Qurumdan bildiriblər ki, onlar da İ.Rəhimovun fəaliyyəti ilə bağlı oxşar məzmunlu şikayətlər alıblar.
İ.Rəhimov 2016-cı ildə böhtana görə 1 illiyə azadlıqdan məhrum edilmiş, daha sonra vaxtından əvvəl azadlığa buraxılmışdı. O, onda da ittihamı qəbul etmirdi.