Rusiyanın Xarici işlər naziri Sergei Lavrov Vaşinqtona səfər edərək Dövlət katibi Mike Pompeo ilə görüşəcək. Bu haqda Dövlət Departamenti dekabrın 9-da qısa açıqlama yayıb.
Bəyanata görə, iki baş diplomat “bir sıra regional və ikitərəfli məsələləri müzakirə edəcəklər”.
“The Washington Post” və AP dekabrın 6-da aparıcı ABŞ rəsmilərinə istinadla yazıblar ki, tərəflər birgə mətbuat konfransı da keçirəcəklər.
Onların Ukrayna, Suriya, silahlara nəzarət, gərgin səviyyədə olan ABŞ-Rusiya münasibətlərinə dair digər məsələləri müzakirə edəcəkləri bildirilir.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Maria Zakharova daha öncə demişdi ki, Lavrovun səfəri dekabrın 10-na planlaşdırılır, ancaq detalları açıqlamamışdı.
Pompeo ilə Lavrov son bir ildə bir neçə dəfə görüşüb, bir neçə dəfə telefonla danışıblar.
Lavrovun səfər zamanı Prezident Donald Trump ilə görüşüb-görüşməyəcəyi bəlli deyil.