Noyabrın 26-da ukraynalı kinorejissor Oleg Sentsov ötən il təltif olunduğu Fikir azadlığına görə Saxarov Mükafatını alacaq.
Sentsova mükafat Strasburqda Avropa Parlamentində təqdim olunacaq.
43 yaşlı Sentsov sentyabrın 7-dək Rusiyada həbs cəzası çəkib. Ona Rusiya və Krıma qarşı “terror hücumları planlaşdırmaq” ittihamıyla 20 il həbs kəsilmişdi. Rusiya və Ukraynanın hüquq müdafiə qrupları ittihamları qondarma adlandırırdı.
Rusiya 2014-cü ildə Ukraynanın Krım yarımadasını ilhaq edəndən Sentsov bu ilhaqa qarşı çıxmış, Ukrayna ərazisində Moskvanın idarəçiliyi qəbul etməmişdi.
O, 2018-ci ildə 145 gün aclıq aksiyası keçirdi, Rusiyadakı ukraynalı siyasi məhbusların hamısının buraxılmasını tələb etdi.
Avropa Parlamenti Sentsovu Saxarov Mükafatına o həbsdə ikən layiq görüb.