Noyabrın 18-də Moskva polisi Interfax xəbər agentliyinin redaktoru Margarita Ignatova-nın itkin düşməsi barədə məlumatları təsdiqləyib.
“Hal-hazırda 1990-cı il təvəllüdlü qadının yeri müəyyənləşdirilir. Anası polisə onun itkin düşməsi barədə məlumat verib, axtarış gedir”, – Moskva polis departamentinin sözçüsü TASS xəbər agentliyinə deyib.
Yerli medianın yazmasına görə, Ignatova-nın anası qızını sonuncu dəfə noyabrın 17-də səhər saat 9-da gördüyünü bildirib. O, anasına kilsəyə getdiyini deyib.
Ancaq 29 yaşlı redaktor özüylə şəxsiyyət vəsiqəsini, mobil telefon, pul götürməyib.
Bir neçə saata evə qayıtmayınca anası Ignatova-nı axtarmağa başlayıb, qızının tez-tez getdiyi kilsəyə baş çəkib.
Ana daha sonra yaxınlıqdakı parka gedib, Ignatova-nın mobil telefonunda ipucuları axtarıb.
Axşam ana qızının itkin düşməsi haqda polisə məlumat verib.
Ana Ignatova-nın heç vaxt belə yoxa çıxmadığını, əvvəllər alkoqol, yaxud narkotik maddə qəbul etmədiyini söyləyib.