Kiyev müdafiə xərclərini artırır

Ukrayna əsgərləri

Ukrayna gələn il müdafiə və təhlükəsizliyə illik xərci 16 faiz artıraraq 9 milyard dolları keçməyi planlaşdırır. Bu arada Kiyev ölkənin şərqindəki Donbas regionunda münaqişənin həlli üzrə danışıqlar aparır.

Baş nazir Oleksiy Honcharuk hökuməti noyabrın 5-də 2020-ci ilin 44 milyard dollarlıq büdcəsini açıqlayıb.

İqtisadiyyatın həcminin təxminən 5,5 faizi müdafiə və təhlükəsizliyə xərclənəcək. NATO isə ümumi daxili məhsulun 2 faizini bu sahəyə xərcləməyi tövsiyə edir.

Müdafiə Nazirliyinə 4,8 milyard, Daxili İşlər Nazirliyinə isə 3,4 milyard dollar ayrılır.

Büdcədə 1 dollar 27 qrivnaya bərabər nəzərdə tutulub.

Avropada ən güclü ordulardan biri Ukraynadadır və ölkə beş ildən artıqdır şərqində Rusiyanın dəstəklədiyi separatçılarla mübarizə aparır. Münaqişədə 13 mindən çox adam ölüb.