Sosialist Ion Ceban Kişinaunun meri seçilib

Ion Ceban

Ion Ceban

Rusiyapərəst Moldova Sosialist Partiyasından (PSRM) namizəd ölkənin postsovet tarixində ilk dəfə olaraq paytaxt Kişinaunun meri seçilib. Bunu noyabrın 4-də açıqlanmış ilkin nəticələrə əsasən demək olar.

Bir gün öncə keçirilmiş ikinci turda Ion Ceban səslərin 52, avropayönlü ACUM blokundan Andrei Nastase isə 48 faizini yığıb.

Hər iki namizəd seçki məntəqələri bağlanan kimi mətbuat konfransları keçirib, seçicilərin dəstəyinə və Mərkəzi Seçki Komissiyasının işinə görə təşəkkür edib.

39 yaşlı Ceban bəyanatında siyasi mənsubiyyətini vurğulamayıb, deyib ki, Kişinaunun sakinlərinin hamısının meri olacaq. Onun prioritetləri sırasında şəhərin qışa hazırlığı, istilik ödənişləri üçün kompensasiya, gələn ilin büdcəsinin qəbulu var.

Oktyabrın 20-də keçirilmiş seçkidən sonra Sosialistlər Kişinau yerli şurasında ən güclü siyasi qüvvədirlər.