Kaliforniyada tanınmışlar evlərindən didərgin düşür

Meşə yanğını

Kaliforniyanın Los Anceles şəhəri yaxınlığında meşə yanğınları tanınmışları evlərindən didərgin salıb. Oktyabrın 28-də azı beş dəbdəbəli evin dağıldığı xəbər verilir.

Şəhərin qərb hissəsi də evakuasiya göstərişi alıb. NBA basketbol ulduzu Lebron James həmin ərazidə yaşayır. Medianın yazmasına görə, o, Brentvudda səkkiz yataq otağı olan malikanəni iki il öncə 23 milyon dollara alıb.

Aktyor, keçmiş qubernator Arnold Schwarzenegger də evindən çıxmalı olub.

Yanğınsöndürmə agentliyi yerli vaxtla axşam saat 7:05-də 24 saat ərzində 300-dən artıq meşə yanğınının qeydə alındığını, hamısının nəzarətdə saxlandığını bildirib.

Ştatın şimalında Sonoma dairəsində yanğının güclənməsi nəticəsində 2,2 milyon nəfər elektriksiz qalmışdı.

Ötən həftə San Fransiskonun şimalında yanğın başlayanı 40 ev daxil olmaqla 96 binanın dağıldığı xəbər verilir.