Azərbaycan və ABŞ müdafiə nazirləri görüşüb

Görüş

ABŞ Müdafiə naziri Mark Esper ilə Azərbaycanın Müdafiə naziri Zakir Həsənov arasında görüş keçirilib.

Bu barədə bu gün, oktyabrın 28-də Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda görüşün ABŞ tərəfinin təşəbbüsü ilə gerçəkləşdiyi bildirilir.

Nazirlik qeyd edir ki, görüş NATO-nun Əfqanıstanda həyata keçirdiyi «Qətiyyətli Dəstək» missiyasına töhfə verən dövlətlərin müdafiə nazirləri səviyyəsində Brüssel şəhərində keçirilmiş toplantı çərçivəsində baş tutub.

Məlumatda vurğulanıb ki, tərəflər Azərbaycan ilə ABŞ arasında ikitərəfli və NATO çərçivəsində hərbi əlaqələrin inkişaf perspektivlərini nəzərdən keçiriblər: «O cümlədən hərbi, hərbi-texniki, hərbi təhsil və hərbi tibb sahələrində əməkdaşlığın daha da genişləndirilməsini, eləcə də regional, qlobal təhlükəsizlik məsələlərini müzakirə ediblər. Görüşdə həmçinin, sülhməramlılarımızın NATO-nun Əfqanıstanda həyata keçirdiyi «Qətiyyətli dəstək» qeyri-döyüş missiyasında iştirakı barədə ətraflı fikir mübadiləsi aparılıb».

Xatırlatma

2015-ci ilin yanvarında Azərbaycan Silahlı Qüvvələrinin 94-nəfərlik kontingenti 6 aylıq rotasiya planına uyğun «Qətiyyətli Dəstək» qeyri-döyüş missiyasında xidmətə başlayıb. 2018-ci ilin yanvarından orada Azərbaycan Ordusunun sülhməramlı kontingentinin şəxsi heyətinin sayı 120 nəfərə çatdırılıb. 1999-cu ildən müxtəlif regionlarda keçirilən sülhməramlı əməliyyatlarda Azərbaycan ordusunun 3000-dən artıq hərbi qulluqçusu iştirak edib.