Azərbaycan “Doing Business” hesabatında neçəncidir

İllüstrativ foto

Oktyabrın 24-də Dünya Bankı “Doing Business 2020” (“Biznes qurmaq”) adlı illik hesabatını açıqlayıb. Builki hesabat inkişaf etməkdə olan ölkələrin inkişaf etmiş ölkələrlə bu sahədə ayaqlaşmağa çalışdığını göstərir. Ancaq yenə də aradakı fərq böyükdür.

Belə ki, azgəlirli iqtisadiyyatda bir sahibkar ölkənin adambaşına düşən gəlirinin 50 faizə qədərini xərcləməlidir ki, şirkət yaratsın. Yüksəkgəlirli iqtisadiyyatda isə buna cəmi 4,2 faiz xərclənir.

Azərbaycan 190 ölkə içində 76,7 balla 34-cü yeri tutub. Ötən il isə Azərbaycan 25-ci yerdə idi.

Buna da bax: Azərbaycan 'Doing Business' hesabatında 25-ci yerdədir

Bu reytinq biznesə başlamaq, tikinti üçün icazənin alınması, elektrikin əldə olunması, mülkiyyətin qeydiyyatı, kredit almaq, minoritar investorların qorunması, vergi ödəmək, sərhədlərarası ticarət, kontraktların qüvvəyə minməsi və problemlərin həlli kimi kriteriyalar üzrə dəyərləndirilir.

Azərbaycanda vergilərin ödənməsinin çətinləşdirildiyi qeyd olunur, çünki bu ildən əmək haqqından tutulmalar dəyişib. Bəzi kriteriyalar üzrə isə təkmilləşmə baş verdiyi vurğulanır.

Gürcüstan 83,7 balla 7-ci, Ermənistan 74,5 balla 47-ci yerdədir.

Pakistan, Tacikistan, Çin, Hindistan, Səudiyyə Ərəbistanı, İordaniya biznes qurmağı asanlaşdıran 10 ölkə sırasındadır.

Rusiya 3 pillə irəliləyərək 28-ci yerdədir. Ukrayna 7 pillə qabağa- 64-cü yerə keçib.

Reytinqin başında isə Yeni Zelandiya gəlir, ondan sonrakı yerləri Sinqapur və Honq Konq tutur. Cənubi Koreya 5-ci, ABŞ 6-cı yerdədir.