ABŞ rəsmiləri Əfqanıstana qəfil səfər ediblər

Ashraf Ghani (sağda) Mark Esper ilə görüşür

Oktyabrın 20-də ABŞ Nümayəndələr Palatasının Spikeri Nancy Pelosi və Konqresin digər aparıcı üzvləri Əfqanıstana öncədən elan olunmamış səfər ediblər. O, Əfqanıstan Prezidenti Ashraf Ghani, həmçinin bu ölkədə səfərdə olan ABŞ Müdafiə naziri Mark Esper və digər yüksək çinli ABŞ komandirləri və bəzi əsgərlərlə görüşüb. Görüşlər haqda məlumat səfər bitəndən sonra yayılıb.

Esper iyulda Pentaqon rəhbərliyinə keçəni ilk dəfədir Əfqanıstana gedir. O, Ghani ilə görüşüb, bu ölkədə xidmət keçən 14 min ABŞ əsgərindən bir qrupuyla görüşüb.

Birləşmiş Ştatlar 18 ildir Əfqanıstandadır, Al-Qaeda və Taliban qruplaşmalarına qarşı beynəlxalq koalisiyaya rəhbərlik edib.

Bu arada sülh danışıqları dalana dirənib. ABŞ Prezidenti Donald Trump ötən ay Talibanla danışıqları dayandırıb. O zaman 5 mindən artıq ABŞ əsgərinin ölkəsinə qayıtmasıyla sonuclanacaq ilkin sülh sazişinin tamamlanmaq üzrə olduğu deyilirdi.

“AP”nin məlumatına görə, Esper onu müşayiət edən jurnalistlərə deyib ki, onun fikrincə, Vaşinqton əsgər sayını 8 min 600-dək azalda bilər və bundan Al-Qaeda və İslam Dövləti (İŞİD) yaraqlılarına qarşı antiterror cəhdlərinə də ziyan dəyməz.

“Məqsəd hələ də sülh razılaşmasını müəyyən səviyyəyə çatdırmaqdır, bu, irəli getməyin ən yaxşı yoludur”, – Esper deyib.