ABŞ Monteneqro ilə hərbi saziş imzalayacaq

Mike Pompeo Podqoritsada

Birləşmiş Ştatlar və Monteneqro ikitərəfli böyük silah sazişini yekunlaşdırırlar. Bunu ABŞ Dövlət katibi Mike Pompeo oktyabrın 4-də Monteneqroya qısa səfəri zamanı deyib.

“Bu razılaşma yekunlaşan kimi ABŞ NATO müttəfiqimizə 36 milyon dollarlıq yüngül taktiki maşın satmağı planlaşdırır”, – Pompeo söyləyib.

Dövlət katibi bu ölkəylə kibertəhlükəsizlik sahəsində əməkdaşlığı vurğulayıb, kəşfiyyat məlumatlarının paylaşılmasını alqışlayıb. Deyib ki, bunun sayəsində “Rusiyanın virusuna qarşı hazırda dünyada milyonlarla cihazı qoruyan proqram əlavəsini” hazırlayıblar.

O, Birləşmiş Ştatların bir dost və müttəfiq kimi Monteneqro xalqının yanında olacağını bir daha vurğulayıb.

***

ABŞ Dövlət katibi Mike Pompeo oktyabrın 4-də Monteneqroya gedib.

Pompeo-nun Prezident Milo Djukanovic, Baş nazir Dusko Markovic ilə görüşləri planlaşdırılır.

Keçmiş Yuqoslaviya respublikası olan Monteneqro 2017-ci ilin iyunundan NATO-ya üzv olub. Rusiya bu addıma, Qərb alyansının genişlənməsinə qarşı çıxırdı.

Pompeo günortadan sonra Şimali Makedoniyaya səfər edəcək.

ABŞ-ın anonim danışan yüksək çinli rəsmisi sentyabrın 27-də deyirdi ki, Pompeo hər iki ölkəyə səfəri zamanı “Rusiyanın bu ölkələrdə narazılıq yaratmaq cəhdlərini” müzakirə edəcək.

Həmin rəsmi Monteneqroda 2016-cı ildə planlaşdırıldığı bildirilən çevriliş cəhdini misal gətirib. Məqsədin ölkənin NATO-ya qoşulmasını əngəlləmək olduğu bildirilirdi.

Monteneqro hökuməti həmin plana görə müxalif siyasətçilərə həbs cəzaları kəsib.