Prezident Vladimir Putin Gürcüstanın separatçı Abxaziya regionundakı separatçı hökumətə Rusiyanın dəstəyinin davam edəcəyini deyir.
Kremlin mətbuat xidmətinin məlumatına görə, Putin sentyabrın 30-da Abxaziyanın separatçı lideri Raul Khajimba-ya teleqramında regionu dəstəkləyəcəyini bildirib. Bu gün region müstəqilliyini qeyd edir.
“Rusiya Abxaziyanın milli təhlükəsizliyini dəstəkləmək, sosial və iqtisadi inkişafı yolunda problemlərinin həllindən ötrü yardımı davam etdirəcək”, – teleqramda deyilir.
Sentyabrın 23-də Putin Rusiya hökumətinə göstəriş verib ki, maliyyə yardımları ilə bağlı Abxaziya ilə razılaşma imzalasın, məqsəd Abxaziyanın de fakto silahlı qüvvələrinin modernizasiyasını dəstəkləməkdir.
Rusiyanın dəstəklədiyi Abxaziya 1990-cı illərin əvvəllərində Gürcüstandan müstəqilliyini elan edib. 2008-ci ilin avqustunda beşgünlük Gürcüstan-Rusiya müharibəsindən sonra Moskva Abxaziyanın və Gürcüstanın digər separatçı bölgəsi olan Cənubi Osetiyanın müstəqilliyini tanıyıb.
Gürcüstan və beynəlxalq ictimaiyyət hər iki regionun Rusiyanın işğalı altında olduğunu bildirir.