Trump-ın Əfqanıstan elçisi dindiriləcək

Zalmay Khalilzad

ABŞ Konqresinin komitəsi sentyabrın 12-də Prezident Donald Trump-ın Əfqanıstan üzrə xüsusi elçisi Zalmay Khalilzad-a çağırış göndərib. O, gələn həftə komitədə dindirilməlidir. Çağırış Taliban silahlı qruplaşması ilə sülh danışıqlarının qəfil kəsilməsindən sonra göndərilir.

Nümayəndələr Palatasının Xarici İşlər Komitəsinin demokrat sədri Eliot Engel deyib ki, Trump administrasiyası onu “təngə gətirib”. O, administrasiyanı Khalilzad-ın konqresmenləri və Amerika ictimaiyyətini sülh prosesi haqda bilgiləndirməsinə imkan verməməkdə suçlayıb.

“Reuters” Dövlət Departamentindən çağırışla bağlı şərh ala bilməyib.

“Khalilzad burada, Vaşinqtondadır və düşünürəm ki, danışıqların durumu haqda suala cavab verir”, – Dövlət departamentinin sözçüsü Morgan Ortagus sentyabrın 12-də Vaşinqtonda deyib.

Konqresdə açıq dinləmə sentyabrın 19-na planlaşdırılır.

Bundan öncə Trump Talibanla sülh danışıqlarının “öldüyünü” demiş, qruplaşma liderləri ilə gizli görüşü ləğv etmişdi.