“Dorian” 20 can alıb

Bahamalar Dorian qasırğasından sonra

Dorian qasırğası Bahamalarda azı 20 nəfərin ölümünə səbəb olub və gücü 3-cü kateqoriyaya salınıb.

BMT-nin humanitar məsələlər üzrə təmsilçisi Mark Lowcock Bahamalarda 70 minədək adamın “həyatını xilas etməyə dərhal yardım” gərəkdiyini deyib.

Gərəkənlər isə sığınacaq, daşınan su, ərzaq və dərman ləvazimatlarıdır.

Mayamidə mənzillənən Milli Qasırğa Mərkəzi tufanın şimala doğru ABŞ-ın Atlantik sahillərinə yönəldiyini, saatda 11,2 km sürətlə əsdiyini, gecəyə doğru saatda maksimum 184 km-ə çatacağını bildirib.

Qasırğanın Corciya və Virciniyanın cənub-qərbini əhatələyəcəyi bildirilir.

Həmin ştatlardan milyonlarla sakinə köçürülmə xəbərdarlığı olunub. Cənubi Karolinada isə 1500-dən artıq adam 28 sığınacağa köçüb.