Bakıda 5 min ağac quruyub

Aşan ağac

Bakı şəhər mənzil-istismar idarələri paytaxt rayonlarında kökü üstə qurumuş ağacların kəsilməsinə başlayıb.

Bunu Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov bildirib.

O.Məmmədovun deməsinə görə, Bakının 12 rayonu üzrə ümumilikdə 5000-ə yaxın ağacın quruduğu müəyyənləşib: «Hazırda kəsilmə prosesi davam etdirilir. 1200-dən çox qurumuş ağac kəsilib. Bəzən bu proses zamanı çətinliklər yaranır».

O.Məmmədovun sözlərinə görə, bəzən kəsiləcək ağacların yaxınlığında avtomobillər saxlanır və ya həmin ərazidə hərəkət sıxlığı müşahidə olunur. Onun bildirməsinə görə, qeyd edilən səbəblər üzündən proses yubanır: «...Qaradağdan Pirallahı rayonuna kimi müəyyən edilmiş 5000 qurumuş ağac kəsiləcək».

Şöbə rəisi vurğulayıb ki, paytaxtda güclü külək əsdikdə bu qurumuş ağaclar sınaraq istər insanlara, istərsə də onlara yaxın saxlanan avtomobillərə ziyan vurur.

Hələlik, rəsmi qurumlar ağacların quruma səbəbləri ilə bağlı detallı bilgi yaymayıblar. Amma onların, əsasən, vaxtı keçmiş ağaclar olduğu bildirilir.