Rusiyaya buraxılmayan senatorlar Ukraynaya gedir

Senator Chris Murphy

Rusiyanın viza vermədiyi iki ABŞ senatoru Konqresin nümayəndə heyətinin tərkibində Ukrayna, Serbiya və Kosovoya səfər edəcəklərini deyirlər.

Senator Chris Murphy tvitində yazıb ki, “Rusiya bizi ölkəyə buraxmadı, ancaq Senator Ron Johnson və mən bu həftə Ukrayna, Serbiya və Kosovoya gedəcək, Ukraynanın yeni hökumətinə, Belqrad və Priştina arasında dialoqun davam etdirilməsinə hər iki partiyanın dəstəyini nümayiş etdirəcəyik”.

Ron Johnson konqresmenlərin Ukrayna qrupunun həmsədridir.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Maria Zakharova avqustun 28-də jurnalistlərə deyib ki, siyahı Birləşmiş Ştatların Rusiya deputatlarına qarşı “əsassız məhdudiyyətlərinə” cavab olaraq hazırlanıb.

Kremlin tənqidçiləri olan Murphy və Johnson avqustun sonunda Rusiyanın onlara viza vermədiyini açıqlayıblar.