İran futbol matçının Honq Konqda keçirilməsini istəmir

Honq Konqda tələbələrin etirazı, 2 sentyabr, 2019-cu il

İran sentyabrın 10-da Honq Konqa salınmış Dünya kuboku üzrə təsnifat matçının neytral ərazidə keçirilməsini istəyir. Son günlər Honq Konqda hökumətə qarşı etirazlar şəhəri iflic vəziyyətinə gətirib, aeroportda reyslər təxirə salınıb.

İranın futbol federasiyasının beynəlxalq münasibətlər departamentinin rəhbəri Homeira Asadi sentyabrın 2-də “dpa” agentliyinə deyib ki, FIFA-ya Tehranın xahişi barədə informasiya verilib.

İyundan bəri Honq Konqda zorakı etirazlar keçirilir, bəzi hallarda polislə etirazçılar arasında qarşıdurma yaranıb. Bu, dünyanın ən gur aeroportlarından birinin işində ləngimə yaradıb, turizmdə düşüş yaranıb.

Tələbələr dərsləri boykot edir

Sentyabrın 3-də məktəb və universitet tələbələri ardıcıl olaraq ikinci gün yürüşləri davam etdirəcəklər.

Dünən, tədris ilinin ilk günündə minlərlə tələbə küçələrə çıxaraq bu yarımmuxtar şəhər üçün Pekindən daha artıq demokratik azadlıqlar tələb ediblər.

Bundan öncə isə fəallar qatarların işini pozub, nəqliyyatın sıx vaxtında yubanmalara səbəb olub.

Həftəsonu etirazçılardan bəziləri Molotov kokteyllərindən istifadə edib, bəzi yerlərə od vurub. Polis əməkdaşları isə gözyaşardıcı qaza, su şırnaqlarına əl atıb.

Buna da bax: Honq Konqda tələbələr tətilə çağırır

Etirazlar ilkin olaraq şübhəlilərin Çinə ekstradisiyasını nəzərdə tutan qanunvericiliyə qarşı keçirilib. Sonradan tələblər genişlənib, daha geniş demokratik azadlıqlar istənilib.

“Reuters” sentyabrın 2-də yazıb ki, şəhər lideri Carrie Lam ötən həftə şirkət rəhbərləri ilə görüşündə ekstradisiya qanununu təqdim etməklə “bağışlanmaz qarışıqlıq” yaratdığını söyləyib. Lam deyib ki, seçimi olsaydı, istefa verərdi.

Lam-ın sözçüsü isə özəl görüşlər barədə şərh verilməyəcəyini deyib.