Seçki adı qadağan edilib

Sizin brauzer HTML5-i dəstəkləmir

Azərbaycanda hansı adların qoyulması rədd edilib?

Avqust ayında Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının nəzdində yaradılmış Adlar və Soyadlar üzrə Xüsusi Komissiyaya Ədliyyə Nazirliyinin qeydiyyat şöbələrindən daxil olan 48 müraciətə baxılıb.

Bunu «Report»a açıqlamasında Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini, professor Sayalı Sadıqova deyib. Onun sözlərinə görə, müraciətlərdə qeyd olunan 22 adın körpələrə qoyulması tövsiyə edilməyib və valideynlərin həmin adları övladlarına qoymaq cəhdlərinin qarşısı alınıb: «Xanna, Lina, Mamabikə, Dua, Marel, Yanık, Yamel, Nanoş, Ofa, Nüyvər, Oyat, Nüzhəc, Süngüs, Tuqa, Vergili, Memed, Postaçı, Seçki, Səlo, Seva, Kayral və Yubuğ adlarının qoyulmasına müsbət cavab verilməyib. Ümumiyyətlə, bu adların uşaqlara qoyulması qadağan edilib».

Xatırlatma

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Terminologiya Komissiyası hələ 2011-ci ildə Azərbaycanda qeydiyyatda olan adların siyahısından 18 min adı çıxarmışdı. O vaxt bu adlara Traktor, Kombayn və başqaları daxil idi. Sonradan bu istiqamətdə bəzi addımların atılması davam edib.

Azərbaycanda adlar və soyadlar məsələsinin Nazirlər Kabinetinin müvafiq qərarı ilə tənzimləndiyi bildirilir. Bəzi ekspertlər bu sahədə yeni, müasir qanunvericiliyin hazırlanmasını zəruri sayırlar. Onların fikrincə, hökumətin bu məsələyə müdaxiləsi müsbət hal deyil.