Azərbaycan əsgəri yaralanıb

Azərbaycan əsgəri

Dünən, avqustun 15-i saat 21:30 radələrində Ermənistanla dövlət sərhədinin Naxçıvan Muxtar Respublikası istiqamətində Azərbaycan hərbi qulluqçusu yaralanıb.

Bu barədə Əlahiddə Ümumqoşun Ordunun Mətbuat xidmətinə istinadən «Report» agentliyi məlumat yayıb.

Məlumata görə, Naxçıvan şəhərindən müddətli həqiqi hərbi xidmətə çağırılmış 2000-ci il təvəllüdlü əsgər Sədərək rayonu istiqamətində mühəndis işləri aparılan zaman Ermənistan mövqeyindən açılan snayper atəşi nəticəsində sağ bud nahiyəsindən güllə yarası alıb. «Yaralanmış əsgərə dərhal tibbi yardım göstərilib, həyati təhlükəsi yoxdur», - məlumatda qeyd edilir.

Naxçıvan Muxtar Respublikası Azərbaycanın tərkib hissəsi olsa da, onu bu ölkəylə quru sərhədlər birləşdirmir. Naxçıvan Muxtar Respublikası Ermənistan, Türkiyə və İranla əhatə olunub.

Xatırlatma

Qarabağ münaqişəsi ilə bağlı Ermənistan və Azərbaycan silahlı qüvvələri üz-üzə dayanıb. Bu münaqişə Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb.

1994-cü ildə tərəflər arasında gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayon işğal edilib.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.