Qırğızıstanın keçmiş prezidenti Almazbek Atambaev daha 10 gün həbsdə qalacaq. Bu arada onun həyat yoldaşına qarşı istintaq aparıldığı bəlli olub.
Avqustun 16-da Bişkek Şəhər Məhkəməsi Atambaev-i avqustun 26-dək həbsdə saxlamaq barədə aşağı instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb. Dövlət Milli Təhlükəsizlik Komitəsində (UKMK) qapalı keçirilən prosesdən sonra keçmiş prezidentin vəkili Sergei Slesarev jurnalistlərə bu haqda açıqlama verib.
Atambaev-in həyat yoldaşı Raisa Atambaeva keçmiş prezidentin UKMK binasının qarşısına yığışmış qohumları və tərəfdarları arasında olub. O, jurnalistlərə deyib ki, Atambaev-in qohumlarının çoxu hakimiyyətin təzyiqi altındadır, evlərində “qanunsuz” axtarış aparılıb, ona qarşı cinayət işi açılıb. Atambaeva deyib ki, bu istintaq prezident idarəsinin hüquqi sistemdə islahatlar şöbəsinin keçmiş rəhbəri Manasbek Arabaev-ə qarşı cinayət işilə əlaqədar başlanıb. Arabaev iyunda korrupsiya ittihamı irəli sürülüb.
Baş Prokurorluq AzadlıqRadiosu-na Raisa Atambaeva barəsində istintaq getdiyini təsdiqləyib, ancaq detalları açıqlamayıb.
Atambaev avqustun 8-də – iki gün davam edən zorakı müqavimətdən sonra polisə təslim olub. Ona korrupsiya, çevriliş cəhdi və sairə ittihamlar irəli sürülüb.