Poroshenko yalan detektorundan keçirilə bilər

Petro Poroshenko

Kiyev məhkəməsi keçmiş prezident Petro Poroshenko-nun vergidən yayınma işi üzrə yalan detektorundan keçirilməsinə icazə verib. Açıqlamanı Dövlət Təhqiqatlar Bürosu (DBR) avqustun 13-də Interfax agentliyinə verib.

Angelika Ivanova deyib ki, Kiyev Peçersk Rayon Məhkəməsinin qərarı yalnız Poroshenko-nun razılığı ilə yerinə yetirilə bilər.

Keçmiş prezident isə avqustun 12-də jurnalistlərə bildirib ki, poliqrafın suallarını yalnız Pryamiy (Birbaşa) telekanalının studiyasında cavablandırmağa hazırdır.

Bu ilin əvvəlində təkrar prezident seçilməyə çalışan Poroshenko-nu Pryamiy kanalı geniş işıqlandırırdı, yerli media onun bu telekanalın sahibi olduğunu yazırdı.

“DBR və onun rəhbərliyinə inanmıram. Təhqiqatçıların obyektiv və qərəzsiz olmasına inanmıram… Poliqrafın testindən Pryamiy kanalının canlı efirində keçməyə hazıram”, – keçmiş prezident vurğulayıb.

Poroshenko elə həmin brifinqdə kanalın sahibi olmadığını bildirib.

Son həftələr ərzində DBR Poroshenko-nu iki dəfə – Pryamiy telekanalının satılması və bu tranzaksiya zamanı iddia olunan vergidən yayınma üzrə şahid kimi dindirib.

Telekanalın sahibi keçmiş prezident Viktor Yanukovych-in rusiyapərəst Regionlar Partiyasından keçmiş deputat Volodymyr Makeyenko-dur.