Çempionlar Liqasında pley-off mərhələsinin püşkü atılıb.
Mərasim İsveçrənin Nyon şəhərində keçirilib. Tədbirdə III təsnifat mərhələsinin 10 cütü və yarışa pley-offdan başlayacaq 2 klub iştirak edib.
Beləliklə, futbol üzrə Azərbaycan çempionu «Qarabağ»ın UEFA Çempionlar Liqasının pley-off mərhələsindəki potensial rəqibi müəyyənləşib.
Püşkə əsasən, Ağdam təmsilçisi III təsnifatda Kiprin APOEL komandasını mübarizədən kənarlaşdıracağı təqdirdə, PAOK (Yunanıstan)-«Ayaks» (Hollandiya) cütünün qalibi ilə qarşılaşacaq.
«Qarabağ» pley-offa yüksələrsə, ilk oyunu evdə keçirəcək. Pley-off mərhələsinin matçları avqustun 20-21-də və 27-28-də baş tutmalıdır.
«Qarabağ» II təsnifat mərhələsində İrlandiya çempionu «Dandolk»u, I mərhələdə isə Albaniyanın «Partizani» klubunu mübarizədən kənarlaşdırıb. APOEL klubu ilə ilk qarşılaşma avqustun 6-da səfərdə, cavab matçı isə bir həftə sonra Azərbaycanda keçirilməlidir.