100 yerlik ABŞ Senatı iyulun 31-də Kelly Craft-ı BMT-yə səfir postuna təsdiqləyib. Bununla da yeddi aydır boş qalmış bu post sahibini tapıb.
Craft istənilən prezident administrasiyası dövründə BMT-də baş posta təyin olunan ilk siyasi donordur.
O, vaxtilə ABŞ-ın Kanadada səfiri olub. Həyat yoldaşı, milyarder Joe Craft ilə birlikdə Respublikaçı Partiyası və Prezident Donald Trump-ın donorlarıdır.
Craft həm də Kentukki ştatından Respublika partiyasının çoxdankı fəalıdır.
Demokratlar onun Kanadada çalışarkən uzun müddət işə çıxmaması məsələsini qaldırırdılar. Bəzi demokrat konqresmenlər Craft-ın təcrübəsiz olduğunu deyirdilər.
Craft-ın namizədliyinə 56 senator səs verib.
O, dekabrda istefa vermiş Nikki Haley-ni əvəzləyəcək və BMT-də islahatlar işini davam etdirməyə söz verib.