Bu il Azərbaycanda Həcc ziyarətində zəvvarlara ayrılan kvota tam dolub.
Bunu Qafqaz Müsəlmanları İdarəsində (QMİ) Həcc ziyarətini təşkil edən şöbədən bildiriblər. Kvota 1400 nəfərdir.
Həcc ziyarətinə gedəcək zəvvarların ilk dəstəsinin avqustun 2-də yola salınması gözlənir.
İdarədən verilən məlumata görə, avqustun 2-dən 6-na qədər hər gün iki reys həyata keçiriləcək.
2018-cu ildə Azərbaycandan Həcc ziyarətinə 1440 nəfərlik kvota ayrılmışdı. Bu il sayda azalma olsa da, qiymətlərdə 75 dollarlıq bahalaşma baş verib. 2019-cu ildə Həcc ziyarəti bir zəvvara 4225 dollara (ötən il 4150 dollar) başa gəlib.
Bu il Qurban bayramı 12-13 avqust tarixlərində qeyd ediləcək. Həcc ziyarətləri, adətən, Qurban bayramları vaxtı icra edilir.
Son illər Azərbaycandan Həcc ziyarətinə gedənlərin sayında ümumən azalma var.
2015-ci ildə Azərbaycandan həcc ziyarətinə 1500 nəfərlik kvotaya rəğmən, 2400 zəvvar getmişdi.
2017-ci ildə isə bu, cəmi 900 nəfər təşkil edib. Sonradan sayda yenidən artım baş versə də, 2015-ci il səviyyəsinə çatmayıb.
İslamda Həcc ziyarəti vacib şərtlərdən sayılır. Söhbət Səudiyyə Ərəbistanının Məkkə şəhərində Kəbənin ziyarətindən gedir.