Britaniyanın İran tankerini tutması ‘cavabsız’ qalmayacaq

Mohammad Baqeri

Ötən həftə Britaniya dəniz piyadalarının Cəbbərültariq boğazında İranın neft tankerini saxlaması “cavabsız” qalmayacaq, İran silahlı qüvvələrinin baş qərargah rəisi deyib.

“İranın neft tankerinin uydurma bəhanələrlə saxlanması... cavabsız qalmayacaq və vaxtı gələndə Tehran buna uyğun cavab verəcək”, – general mayor Mohammad Baqeri vurğulayıb. Onun bəyanatını iyulun 9-da Tasnim xəbər agentliyi yayıb.

Britaniya qüvvələri Grace 1 supertankerini iyulun 4-də saxlayıb, tankerin sanksiyaları pozaraq Suriyaya neft apardığı bildirilir.

İran neft tankerinin dərhal buraxılmasını tələb edir. İran İslam İnqilab Keşikçiləri Korpusunun komandiri iyulun 5-də hədələyib ki, cavab addımı olaraq Britaniya gəmisi saxlana bilər.

İranın Xarici işlər naziri Mohammad Javad Zarif bildirib ki, gəminin saxlanması “piratlıq”dır, “təhlükəli presedent yaradıb, buna son qoyulmalıdır”.

Cəbbərültariq tankeri 14 gün ərzində saxlamaq üçün Ali Məhkəmədən icazə alıb.