Avropa Birliyi liderləri Avropa Mərkəzi Bankı (AMB) rəhbərliyinə Fransadan Christine Lagarde-nın namizədliyini verəcəklərini deyiblər.
“Hər halda Avropa bir qadındır”, – AB-nin Prezidenti Donald Tusk iyulun 2-də jurnalistlərə deyib. O, Europa-nın qitəyə öz adını verməsilə bağlı yunan əsatirini yada salıb.
“Christine Lagarde Avropa Mərkəzi Bankına uyğun prezident olacaq. Qəti əminəm ki, o, çox müstəqil prezident olacaq”, – Tusk deyib.
Lagarde Fransanın ilk qadın maliyyə naziri olub. O, 2011-ci ildən Beynəlxalq Valyuta Fondunun rəhbəridir, qadınlara səlahiyyət verilməsini güclü təbliğ edir.
Lagarde deyib ki, onun namizədliyi yekunlaşanadək BVF-dən “müvəqqəti” istefa verəcək.
AMB-nin indiki rəhbəri Mario Draghi-nin səkkiz illik vəzifə müddəti noyabrda bitir.
Frankfurtda mənzillənən AMB avrozonanın maliyyə siyasətini müəyyənləşdirir.