ABŞ-ın Nümayəndələr Palatası seçki təhlükəsizliyini artırmağı hədəfləyən qanunvericiliyi qəbul edib. 2016-cı ildə Rusiya ABŞ-da prezident seçkisinə kiber müdaxilə etmişdi.
Demokratların hazırladığı qanun layihəsində kağız bülletenlərlə səsvermə, seçkisonrası auditə icazə verilir, həmçinin köhnə və zəif səsvermə avadanlığının yenilənməsi nəzərdə tutulur.
İyunun 27-də qanun layihəsi 225-184 səs fərqiylə qəbul olunub.
Xüsusi prokuror Robert Mueller ikiillik təhqiqatdan sonra apreldə belə bir qənaətə gəlib ki, Rusiya 2016-cı il seçkisinə haker hücumları da daxil “sistematik” müdaxilə edib.
Demokratlar gələn il respublikaçı Donald Trump-ı prezidentlikdən kənarlaşdırmağa çalışırlar və belə bir təhlükəsizlik layihəsinin qəbulunu istəyirlər.
“2020-ci il gəlir. Hazır olaq”, – palatanın kəşfiyyat komitəsinin sədri Adam Schiff səsvermədən sonra tvitində yazıb.
Qanunvericiliyə görə, ABŞ ştatlarına 2020-ci ilin noyabr seçkisinədək səsvermə mexanizmlərini kiberhücumlardan qorumaqdan ötrü yüzmilyonlarla dollar ayrılacaq.
Rusiya 2016-cı ildə Floridada iki səsvermə sisteminə haker hücumu edib, ancaq nəticələri dəyişməsinə dəlil yoxdur.